İsmayıllı Rayon Polis Şöbəsində avqustun 27-də Qəzli qəsəbəsində təşkil edilmiş toyda kütləvi zəhərlənmə faktı üzrə cinayət işi başlanılıb.
“Toy məclisində iştirak edən şəxslərdən 33 nəfəri (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edib”, - deyə Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir.
Fakta bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
“Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə