Dünən Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 10-dan artıq şəxs ambulator müalicəyə buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən məlumat verilir.
“Yol-nəqliyyat hadisəsi nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müxtəlif xəsarətlərlə 23 nəfər daxil olub. Onlardan 10 nəfər xəstəxanada qalacaq, qalanları isə ambulator müalicəyə buraxılıb”, - nazirlikdən qeyd ediblər.
Bildirilir ki, 10 nəfər xəsarət alanlardan 2 nəfər qadın reanimasiya şöbəsindədir.
“Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Açıq kəllə-beyin travması alan qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadına isə qapalı kəllə-beyin travması və qabırga sınığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir. Digər 8 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur”, - nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, çərşənbə günü Lənkəran rayonunda ağır yol qəzası baş verib. Əldə olunan məlumata əsasən, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. **
Ə.Məmmədov