Hesablama Palatası 2019-cu ilin birinci yarısında Dövlət İnvestisiya Proqramının icrası çərçivəsində vəsaitin mənimsənilmə səviyyəsinin aşağı olduğunu qeyd edir.
“2019-cu ildə DİP 6 mlrd. 261,6 mln. manat səviyyəsində qiymətləndirilir. Eyni zamanda, birinci yarımillikdə proqramın 2 mln. 195,4 mln. manat məbləğində vəsaiti sərf olunub. Mənimsənilmə səviyyəsi 35,1% təşkil edib, bu da son bir neçə ilin göstəricisindən aşağıdır”, - Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yanvar-iyun ayları ərzində dövlət büdcəsinin icrası ilə bağlı təhlildə bildirib.
Onun məlumatına görə, cari ilin yanvar-iyun aylarında 755,6 mln. manat məbləğində layihələrin maliyyələşdirilməsi başlamayıb.
“Bundan başqa, DİP layihə-smeta sənədlərinin hazırlanması, məsləhətçilərin cəlb edilməsi və s. məqsədlər üçün 10 mln. manat məbləğində vəsaitin ayrılmasını nəzərdə tutur. Lakin, birinci yarımillikdə bu məqsədlərə yalnız 86,7 min manat xərclənib, yəni nəzərdə tutulan vəsaitin 0,9%-i”, - Palatanın sədri qeyd edib. **
A.Əzizov