1 iyul 2019-cu il tarixinə Azərbaycanın dövlət borcu 16 mlrd. 510,2 mln. manat ($9 mlrd. 711,9 mln.) məbləğində və ya ÜDM-nin 20,7%-i səviyyəsində qiymətləndirilir.
1 yanvar 2019-cu il tarixinə dövlət borcu 16 mlrd. 496,2 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-iyun aylarında dövlət borcu 0,8% artıb.
“2019-cu il iyulun 1-nə dövlət borcunun strukturunda $8 mlrd. 920 mln. (15 mlrd. 164,1 mln. manat - İF) xarici borcun, 1 mlrd. 346,1 mln. manat daxili borcun payına düşür. Cari ilin yanvar-iyun aylarında xarici borcun həcmi 0,08% azalıb, daxili borc isə 2% artıb”, - deyə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət büdcəsinin yanvar-iyun ayları ərzində icrasının təhlili ilə bağlı bildirib.
O vurğulayıb ki, iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə institutları və digər kredit təşkilatları ilə ümumilikdə $12,2 mlrd. məbləğində kredit sazişləri imzalayıb.
“Bütövlükdə, I yarımillikdə adambaşına düşən xarici dövlət borcunun həcmi 0,9% azalaraq 1 iyul 2019-cu il tarixinə $890,8 təşkil edir”, - deyə V.Gülməmmədov qeyd edib.
Hökumətin qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanın dövlət borcu $7,7 mlrd.-a qədər (ÜDM-nin 14,1%-i) azalmalıdır.*
A.Əzizov