2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 5,1% - 13 mlrd. 681,4 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 487,4 mln. manat (ilin əvvəlindən azalma 6,2%) və ya bütün kreditlərin 10,9%-ni təşkil edir.
Avqustun 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 202,8 mln. manat (artım 5%) və ya bütün kreditlərin 16,1%-i, özəl banklar tərəfindən 11 mlrd. 139,4 mln. manat (artım 5,8%) və ya bütün kreditlərin 81,4%-i həcmində kredit verilib. Qalan 339,1 mln. manat (azalma 13,5%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu il avqustun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 944,1 mln. manat (artım 10,8%) milli valyuta, 4 mlrd. 737,3 mln. manat (azalma 4,2%) xarici valyuta ilə verilib.
Cari ilin iyul ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 34,6% (2018-ci ilin sonuna 38%) təşkil edir.
2019-cu il iyulun 31-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 289,7 mln. manat (bütün kreditlərin 16,7%-i) ticarət və xidmət sahələrinin, 408,3 mln. manat (3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 499,5 mln. manat (3,7%) kənd təsərrüfatı və emal sahələrinin, 353 mln. manat (2,6%) tikinti və daşınmaz əmlak sahələrinin, 902,1 mln. manat (6,6%) sənaye və istehsal sektorunun, 1 mlrd. 274,4 mln. manat (9,3%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 938,3 mln. manat (43,4%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 11,6% artıb.*
A.Əzizov