31 iyul 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 30 mlrd. 90 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 mlrd. 502,4 mln. manat məbləğində olub. Beləliklə, yanvar-iyul aylarında bankların aktivləri 2% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 13 mlrd. 342,3 mln. manat (yanvar-iyul aylarında artım 5,7% - İF) təşkil edir.
2019-cu il iyul ayının 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 583 mln. manat (artım 12,6%) təşkil edir.
Avqustun əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 507 mln. manata (artım 0,3%), Mərkəzi Bank qarşısında öhdəlikləri 160,7 mln. manata (azalma 2,4 dəfə) bərabərdir.
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 406,2 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 12,6 dəfə çoxdur.
Cari ilin yanvar-iyul aylarında bankların faiz gəlirləri 1 mlrd. 94,6 mln. manat (2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 10,7% - İF), o cümlədən verilmiş kreditlər üzrə 783,5 mln. manat (artım 14,2% təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 403,2 mln. manat (artım 36,1%) məbləğində olub.
Yanvar-iyul aylarında bankların faiz xərcləri 311,2 mln. manat (azalma 10,6%), o cümlədən depozitlər üzrə 210 mln. manat (azalma 5,2%), qeyri-faiz xərcləri 646,8 mln. manat (artım 13,6%) təşkil edib.
Yanvar-iyul aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 472,4 mln. manat (artım 28,6%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 49,7 mln. manat (2018-ci ilin yanvar-iyul aylarında 317,5 mln. manat) yönəldib.
Nəticədə 31 iyul 2019-cu il tarixinə bankların vergi ödənilənədək ümumi mənfəəti 444,1 mln. manat (2018-ci ilin 7 ayının göstəricisi ilə müqayisədə artım 8,8 dəfə) məbləğində qiymətləndirilir, cari ilin yanvar-iyul aylarında mənfəət vergisi üzrə ödənişləri 37,9 mln. manat (artım 2,1 dəfə) təşkil edib.
31 iyul 2019-cu il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
İyul ayının sonuna bankların 514 filialı və 128 şöbəsi var.
Azərbaycanın bank sektorunda 18,434 min nəfər (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,9%) çalışır.*
Ə.Məmmədov