2019-cu ilin əvvəlindən Ceyhan terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan neftin 160 mln. 479,239 min bareli göndərilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BOTAS International Limited Company”dən (BIL – BTC-nin Türkiyə hissəsinin operatoru) məlumat verilib.
“2019-cu ilin əvvəlindən və sentyabrn 2-nə olan vəziyyətə görə Ceyhan terminalından BTC ilə tədarük olunan neftin 160 mln. 479,239 min bareli göndərilib. BTC neft kəməri istismara verildiyi 2006-ci il iyunun 4-dən bütün dövr ərzində Ceyhan terminalından 3 mlrd. 287 mln. 551,556 min barel neft göndərilib”, - şirkətdən qeyd ediblər.
BIL-ın məlumatına görə, 2019-cu ilin 9 ayı ərzində Ceyhan terminalından 200 tanker, istifadəyə verilən andan bütün dövr ərzində 4,285 min. tanker göndərilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin 2010-cu ilin iyun ayından etibarən boru kəməri ilə Türkmənistan neftinin nəqlinə başlanılıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.**
N.Abbasova