“Union Pay International” (UPI) Beynəlxalq ödəniş sistemi Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilir.
Tənzimləyici qeyd edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında “Union Pay International” beynəlxalq kart təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.
“Görüş zamanı tərəflər “Union Pay International”ın ölkədə fəaliyyətinin genişləndirilməsi, bu təşkilat tərəfindən ölkə bazarında təqdim ediləcək məhsul və xidmətlər, habelə innovativ ödəniş alətlərinin tətbiqi istiqamətləri müzakirə ediblər”, - məlumatda bildirilir.
Bundan əlavə, gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə həmçinin nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması imkanları, habelə bank mütəxəssislərinin bu sahədə bilik və bacarıqlarının artırılması barədə fikir mübadiləsi aparılıb.
Hazırda “Union Pay International” Azərbaycanda “Azərbaycan Beynəlxalq Bankı” ASC, «AtaBank» ASC, "AzeriCard" prosessinq mərkəzi ilə sıx əməkdaşlıq edir.
“Union Pay International” 2002-ci ildə banklararası banklar assosiasiya kimi təsis olunan ÇXR-ın milli ödəniş sistemidir. Hazırda “UnionPay” kartlarının qəbul şəbəkəsi 174 ölkə və regiona qədər genişlənib. “UnionPay” kartlarının sayı 7 mlrd. ədədi keçir. **
A.Əzizov