2019-cu ilin I yarısında “AtaSığorta” şirkətinin xalis mənfəəti 1 mln. 112 min 741,99 manat (ötən ilin müvafiq dövründə zərər 2 mln. 349,595 min manat) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin dərc edilmiş maliyyə hesabatına əsasən, hesabat dövründə onun gəlirləri 14 mln. 26 min 958,58 manata (2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 62,7%) bərabər olub. Sığorta haqları 9 mln. 364,871 min manat, investisiya gəlirləri 1 mln. 102,199,89 min manat təşkil edib, qalan gəlirlər isə digər maddələr üzrə əldə olunub.
I yarımillikdə “AtaSığorta”nın xərcləri 12 mln. 914 min 216,59 manat (artım 17,7%), o cümlədən sığorta ödənişlərinin həcmi 7 mln. 152,491 min manat, sığorta işinin aparılması xərcləri 4 mln. 807,693 min manat, təkrar sığortaya verilən risklər 745,596 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
I yarımillikdə şirkətin aktivləri 4,8% - 27 mln. 45,278 min manatadək, öhdəlikləri 16,3% - 16 mln. 152,222 min manatadək azalıb, kapitalı isə 12,2% - 10 mln. 219,818 min manatadək artıb.
Hesabat dövründə şirkətin nizamnamə kapitalı 14,6 mln. manat səviyyəsində qalıb.
Yanvar-iyun aylarında şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 17,3% - 10,95 mln. manatadək azalıb.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir.*
B.Rüstəmbəyov