Aqrar Subsidiya Şurası pambıq, tütün və şəkər çuğunduru istehsalçıları üçün subsidiyaların yeni məbləğini təsdiq edib.
“Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının subsidiyalaşdırılmasının yeni qaydası 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minəcək”, - deyə Kənd Təsərrüfatı Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.
Nazirlikdən qeyd ediblər ki, açıqlanan əmsallar üzrə subsidiyaların verilməsinə 2020-ci ildən başlanacaq. Həmin ildən subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.
Hazırda emal müəssisələrinə təhvil verilən pambığın hər kiloqramına görə 0,1 manat, quru tütünün hər kiloqramına və yaş tütünün hər 10 kiloqramına görə 0,05 manat subsidiya ödənilir.*
X.Nəsirzadə