Azərbaycan 2019-cu ilin yarısında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 4 mlrd. 409,68 mln. kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 38,1% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
İyun ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 24,34%-i (650,67 mln. kubmetr) Azərbaycan qazının payına düşüb. Ötən ilin iyun ayı ilə müqayisədə tədarükün həcmi 11,24% artıb.
İyun ayında Türkiyəyə 2 mlrd. 673,71 mln. kubmetr (2018-ci ilin iyun ayı ilə müqayisədə azalma 8,7%) qaz ixrac edilib. 2 mlrd. 25,87 mln. kubmetr boru kəməri qazının (tədarükün 75,7%-i), 647,84 mln. kubmetr (24,3%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 mlrd. 521,15 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova