Ermənistan rəhbərliyi fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Ermənistanın baş naziri və prezidentinin Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində işğalçı ölkənin yaratdığı oyuncaq separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik edərək, bu ölkənin təcavüzkar siyasətini açıq şəkildə etiraf etməsidir”, - bəyanatda qeyd olunur.
XİN bildirir ki, işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə yanaşı, diplomatik nümayəndəliklərinin rəhbərlərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər etməsi onu göstərir ki, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan təcavüzkar siyasətin nəticələrinə söykənən status-kvo vəziyyətinin möhkəmləndirilməsinə yönəlmiş cəhdlər edir.
“Bu, münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur. Ermənistan rəhbərliyinin son zamanlar verdiyi tamamilə əsassız bəyanatlar və atdığı addımlar bu ölkənin öz qanunsuz əməllərinə özünü və öz əhalisini inandırmaq məqsədi güdür”, - bəyanatda deyilir.
Bildirilir ki, “Ermənistan (...) dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək”.
“Münaqişənin digər həll yolu mövcud deyil və ATƏT-in Minsk qrupunun həmsədrləri qismində beynəlxalq vasitəçilər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir”, - bəyanatda vurğulanır. **
F.İsazadə