“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2019-cu ilin yanvar-avqust aylarında 15,81 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
““Azərenerji” cari ilin yanvar-avqust aylarında 15,81 mlrd. kVt/saat, o cümlədən avqustda 2,14 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan 916,1 mln. kVt/saat, o cümlədən avqustda 166,3 mln. kVt/saat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) elektrik enerjisi ixrac edib. Avqustda Gürcüstana 158,8 mln. kVt/saat elektrik enerjisi ixrac edilib.
2018-ci ildə “Azərenerji” 22 mlrd. 521 min kVt/saat elektrik enerjisi istehsal edib. Ötən il Azərbaycan 1 mlrd. 413,2 mln. kVt/saat elektrik enerjisi ixrac edib ki, bunun da 121,4 mln. kVt/saatı Rusiyanın, 1 mlrd. 230,1 mln. kVt/saatı Gürcüstanın, 13,4 mln. kVt/saatı Türkiyənin, 48,3 mln. kVt/saatı isə İranın payına düşüb.
2019-cu ildə elektrik enerjisi istehsalı 23,55 mlrd. kVt/saat, ixracı isə 1,5 mlrd. kVt/saat həcmində proqnozlaşdırılır.*
N.Abbasova