Prezident İqor Dodon azərbaycanlı həmkarı İlham Əliyevi bu ilin IV rübündə Moldovaya səfər etməyə dəvət edib.
Dodon Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla işgüzar görüş keçirib.
“Mən Q.Osmanov vasitəsilə prezident İlham Əliyevə bu ilin IV rübündə Moldovaya rəsmi səfər etməsi üçün dəvət göndərmişəm”, – deyə Dodon “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Osmanovla görüş zamanı tərəflər ikitərəfli gündəliyə daxil olan ən mühüm məsələləri, o cümlədən ticarət-iqtisadi sahədə əməkdaşlığı müzakirə ediblər.
“Moldovada Azərbaycan kapitalı ilə təxminən 130 müəssisənin fəaliyyət göstərdiyini məmnuniyyətlə qeyd etdik. Bununla yanaşı, mövcud potensialın kifayət qədər reallaşdırılmadığını və qarşılıqlı maraq doğuran ən perspektivli sahələrdə dialoqun aktivləşdirilməsinə tərəfdar olduğumuzu diqqətə çatdırdıq”, - deyə Moldova prezidenti bildirib.
O, həmçinin deyib ki, tərəflər Azərbaycan və Moldova arasında sosial və humanitar əməkdaşlığın aspektlərini ayrıca nəzərdən keçiriblər. Bu kontekstdə o, Moldovaya və hər şeydən əvvəl Qaqauz muxtariyyətinə kömək etməyə hazır olduğuna görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
“Xüsusilə Heydər Əliyev Fondunun dəstəyi ilə Çadır-Lunqada Uşaq Yaradıcılıq Mərkəzinin inşası başa çatmaq üzrədir. Layihənin icrası mənimlə İlham Əliyev arasında 2017-ci ildə əldə edilmiş şəxsi razılaşma sayəsində mümkün olub”, – deyə Dodon vurğulayıb.
F.İsazadə