Qatar ilə “HOWO” yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsinin səbəbkarı avtomobilin sürücüsüdür. Bu barədə “İnterfaks-Azərbaycan”a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
“YNH-yə lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq, keçidi keçməyə cəhd göstərən avtomobilin sürücüsü İran vətəndaşı Seyid Rəşid tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması səbəb olub”, - ADY-dən qeyd ediblər.
Bildirilir ki, hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb "Hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür”, - QSC-dən qeyd ediblər.
Faktla bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.
İranın dövlət nömrə nişanlı yük maşını lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq, keçidi keçməyə cəhd göstərib. Nəticədə, avtomobil yük qatarı ilə toqquşub. Hadisə bu gün saat 08.00 radələrində Osmanlı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində baş verib. Yol qəzası zamanı xəsarət alan olmayıb. **
F.İsazadə