“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri və bir qrup əməkdaşı 18-31 avqust tarixlərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən Cənubi Koreyada təşkil olunan “Azərbaycanda Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Sisteminin Təkmilləşdirilməsi” təlimində iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Təlim zamanı qida məhsullarının tədarükü və təchizatı sahəsində mövcud qanunvericilik, yerli və mərkəzi hakimiyyətlərin bu prosesdə rolu, tədarükçü və dövlət satınalan təşkilatları ilə münasibətlərin tənzimlənməsi kimi mövzular müzakirə olunub”, - nazirlikdən qeyd ediblər.
Bundan başqa, təlim proqramının sonunda Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin inkişaf etdirilməsi istiqamətində koreyalı professorların iştirakı ilə fəaliyyət planı hazırlanıb. Fəaliyyət planında Koreya təcrübəsini əsas götürərək Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü və təchizatı prosesinin avtomatlaşdırılması, kiçik və orta fermer təsərrüfatı sahiblərinin prosesdə daha yaxından iştirakının stimullaşdırılması, şəffaflığın artırılması və biznes proseslərinin optimallaşdırılması nəzərdə tutulur. **
Ə.Məmmədov