Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana bankın Texniki Əməkdaşlıq Fonduna qoşulmağı təklif edir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu məsələ iqtisadiyyat naziri Şahin Mustafayev ilə AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone arasında Bakıda keçirilən görüş zamanı müzakirə edilib.
“Görüşdə 2019-cu ilin noyabrında Londonda keçiriləcək Şərq Tərəfdaşlığı üzrə İnvestisiya Forumu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə AYİB arasında əməkdaşlıq, iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı və prioritetləri, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib və bütün bunların ölkəmizlə AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 30 iyun 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,252 mlrd. avro investisiya qoyulub. Hazırda bank respublikada 38 layihə reallaşdırır və 1,375 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.*
B.Rüstəmbəyov