Bakı Ağır Cinayətlər Məhkəməsində 4,7 mlrd. manatlıq (cari məzənnə ilə təxminən $2,8 mlrd.) mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin cinayət işi üzrə ikinci məhkəmə prosesi başa çatıb.
“Məhkəmənin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası nəzərə alınmaqla 16 il 6 ay, parlamentin sabiq deputatı Dünyamin Xəlilov - 14 il 6 ay, İsmayıl Hidayətzadə - 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar”, - məhkəmədən qeyd ediblər.
Dünən prokuror C.Hacıyevin 17 il, D.Xəlilovun – 15 il 9 ay, Hidayətzadənin – 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ümumilikdə, cinayət işinə 20-dən artıq şəxs cəlb olunub.
Xəbər verildiyi kimi, 2018-ci ilin dekabr ayında C.Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və daha 20 nəfər barəsində mütəşəkkil cinayətkar dəstə tərəfindən külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması, vergidən yayınma və digər maddələr üzrə başlanmış və ayrıca icraata ayrılmış cinayət işi üzrə istintaq başa çatıb.
Aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Maliyyə fırıldaqlarında ittiham olunan C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Aparılmış istintaqla 2001-2015-ci illərdə ABB-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq ona rəhbərlik etdiyi, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açdığı və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verdiyi müəyyən edilib.**
F.İsazadə