Bolqarıstan öz sahibkarlarının Azərbaycanda fəaliyyət göstərməsində və birgə müəssisələrin açılmasında maraqlıdır. Bunu Bolqarıstanın Bakıdakı səfiri Nikolay Yankov deyib.
Cümə axşamı iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Bolqarıstanın səfiri Nikolay Yankovla görüşüb.
Yankov qeyd edib ki, Azərbaycanla əlaqələrin inkişafına önəm verir və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.
Öz növbəsində, Mustafayev bildirilib ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat, gömrük, turizm və digər sahələrdə 80-dən çox sənəd imzalanıb.
Nazir qeyd edib ki, 2015-ci ildə imzalanmış Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın genişlənməsində xüsusi önəm kəsb edir.
O, həmçinin məlumat verib ki, hazırda Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir.
Nazirin sözlərinə görə, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit, əczaçılıq, ticarət, turizm, humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. **
B.Rüstəmbəyov