2019-cu il oktyabrın 27-dən Rusiyanın “NordStar” aviaşirkləti Norilsk-Ufa-Bakı marşrutu ilə reyslərə başlayacaq. Bu barədə “Aviaport” məlumat verir.
“NordStar” 2019-cu il oktyabrın 27-dən 2020-ci il martın 28-dək payız-qış mövsümü üçün Norilsk-Ufa-Bakı marşrutu və geriyə biletlərin satışına başlayıb. Reyslər “Boeing 737-800” təyyarələri vasitəsilə yerinə yetiriləcək”, - məlumatda qeyd olunur.
Norilsk şəhərindən Ufaya uçuş hər həftənin cümə günü yerli vaxtla 11:30-da yerinə yetiriləcək. Ufa aeroportuna eniş – 13:10-da (yerli vaxtla) olacaq. Həmin gün saat 15:30-da (yerli vaxtla) Ufadan Bakıya uçuş həyata keçiriləcək.
Bakıdan Ufaya həftəlik geri reys cümə günləri saat 19:00-da, Ufadan Norilsk şəhərində uçuş – şənbə günləri yerli vaxtla saat 1:10-da yerinə yetiriləcək. Norilsk aeroportuna eniş səhər 6:30-da olacaq.
Reyslərə aviabiletləri aviaşirkətin www.nordstar.ru saytı, aviaşirkətin əlaqə mərkəzi və təyinat şəhərlərində bilet agentliklərində əldə etmək mümkündür.
“NordStar” - “Norilsk nikel DMŞ” PSC şirkətlər qrupuna daxil olan Rusiya aviaşirkətidir. “NordStar” illik 1 mln.-dan artıq sərnişin dövriyyəsi ilə Rusiyanın iri aviadaşıyıcıları sırasına daxildir. **
N.Abbasova