Azərbaycan və İsveçrə Azərbaycandakı sənaye parklarında birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edir.
Bu mövzu, eləcə də enerji, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri iqtisadiyyat naziri Şahin Mustafayev ilə İsveçrənin Bakıdakı səfiri Muriel Peneveyrenin görüşü zamanı müzakirə olunub.
Ş.Mustafayev diqqətə çatdırıb ki, hazırda Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 60 İsveçrə kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda İsveçrənin əsas ticarət tərəfdaşıdır. 2019-cu ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar təşkil edib.
Görüşdə nazir Azərbaycan iqtisadiyyatı, özəl sektorun inkişafı istiqamətində aparılan islahatlar, nəqliyyat-tranzit imkanları barədə məlumat verib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.
“Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iş adamları arasında əlaqələrin genişəndirilməsində keçirilən tədbirlər, biznes-forumlar, ixrac missiyaları əhəmiyyətlidir”, – deyə məlumatda qeyd olunur.
Səfir M.Peneveyre ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycandakı sənaye parklarında İsveçrə şirkətlərinin iştirakı ilə birgə müəssisələrin yaradılması, enerji, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov