Azərbaycanda avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel (iyulda 778 min barrel) olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Respublikada avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel olub. Bunun 686 min barrelini xam neft, 63 min barrelini kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilinyanvar-avqust aylarında orta gündəlik neft hasilatı 769 min barrel təşkil edib. Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
2019-cu ilin avqust ayında gündəlik 501 min barrel xam neft (iyulda 500 min barrel), 59 min barrel kondensat və 4,5 min barrel neft məhsulları ixrac edilib.
“Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib”, - deyə məlumatda qeyd olunur.
2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. OPEC və qeyri-OPEC ölkələrinin iyulun 2-də Vyanada keçirilmiş iclasının yekunları üzrə neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 2020-ci ilin I rübünün sonunadək uzadılıb.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.*
N.Abbasova