Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 2 mlrd. 873 mln. 356,8 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-avqust aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 mlrd. 270 mln. 963,9 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə köçürmələr 26,5% artıb.
2019-cu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 965 mln. 578 min manat, aksizlər üzrə 184 mln. 702 min manat, yol vergisi üzrə 29 mln. 425,5 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 693 mln. 651,3 min manat məbləğində olub.
2019-cu ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 702,6 mln. manat məbləğində müəyyən edilib.*
N.Abbasova