Cənub Qaz Dəhlizinin (CQD) yaradılması layihəsi çərçivəsində “Cənub Qaz Dəhlizi” QSC-nin ümumi xərcləri $9,87 mlrd. təşkil edib.
“Azərbaycan CQD-nin bütün seqmentləri üzrə öz payı çərçivəsində layihənin reallaşdırılmasına təxminən $10,1 mlrd. yatırmalıdır. İndiyədək həm şəxsi kapital, həm də maliyyə institutlarından cəlb edilən vəsaitlər hesabına bu məbləğin $9,87 mlrd.-ı (təxminən 97%) yatırılıb”, - deyə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
O qeyd edib ki, CQD-nin inşası layihəsi çərçivəsində Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə ümumi inkişaf təxminən 100%, Trans-Adriatik qaz kəməri (TAP) layihəsi üzrə 88,8%, “Şahdəniz” yatağının işlənməsi çərçivəsində “Mərhələ-2” üzrə 93% təşkil edir.
Daha əvvəl İ.Əhmədova istinadən verilən məlumata görə, 2019-cu ildə "Cənub Qaz Dəhlizi" QSC CQD-nin yaradılması layihəsi çərçivəsində imvestisiya qoyuluşlarını $900 mln.-a yaxın məbləğdə planlaşdırır.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
N.Abbasova