«AzerGold» QSC məlumatların rəqəmsallaşdırılmasının düzgünlüyünün yoxlanılması və ölkəyə aid faydalı qazıntı yataqlarının perspektivliyinin təhlili üçün məsləhətçi seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 200 manatdır. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcək.
İddiaçılar təkliflərini 4 oktyabr saat 15:00-a qədər təqdim etməlidirlər. Tender proseduru 7 oktyabr saat 15:00-da baş tutacaq.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova