2020-ci ildə “Visa” beynəlxalq ödəniş sistemi Azərbaycanda yeni pilot layihənin reallaşdırılmasını planlaşdırır. Bu barədə Ukrayna, MDB ölkələri, Cənub-Şərqi Avropa ölkələri üzrə “Visa”nın rəqəmli tətbiqlər üzrə direktoru Oleksandr Stelmax məlumat verib.
“Bu layihə “Visa”nın yeni “Tap to phone” texnologiyasının tətbiqini nəzərdə tutur. Bu texnologiya mobil telefonlar vasitəsilə kartlarla ödənişi qəbul etməyə imkan verir. Bizə məlumdur ki, banklara POS-terminallar almaq və onları quraşdırmaq heç də hər zaman iqtisadi cəhətdən sərfəli deyil. Bizim texnologiyamız telefonu POS-terminala çevirməyə imkan yaradır, bu da kartların ödənişə qəbulu prosesini mühüm dərəcədə sadələşdirəcək”, - Stelmax çərşənbə axşamı Bakıda mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu layihə regionda pilot kimi iki ölkədə - Ukrayna və Belarusda artıq reallaşdırılır.
“2020-ci ildə regionda daha iki pilot layihəyə başlamağı planlaşdırırıq, onlardan biri Azərbaycanda həyata keçiriləcək”, - Stelmax bildirib.
“Visa”nın nümayəndəsi qeyd edib ki, hazırda layihənin müxtəlif detalları, xüsusilə kontaktsız ödənişlərə limit ilə bağlı müzakirələr aparılır.
“Sizə məlum olduğu kimi, hər bir ölkədə kontaktsız ödənişlərə limit var. “Visa” sistemində limit $40 təşkil edir. Bu məbləğdən artıq öz kodunuzu daxil etməlisiniz, bu telefonda da nəzərdə tutulur, lakin pilot layihə qismində. Lakin, ümid edirik ki, gələcəkdə bu ümumi qərar olacaq”, - Stelmax bildirib.
Hazırda Azərbaycanda kontaktsız ödənişlərə limit 50 manatdır ($30-a yaxın). **
Ə.Məmmədov