Milli Məclisin sədri Oqtay Əsədov Almaniya Bundestaqının prezidenti Volfqanq Şoybleni Azərbaycana səfərə dəvət edib. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
O.Əsədov Almaniyaya səfəri çərçivəsində V.Şoyble, eləcə də Almaniya Bundesratının birinci vitse-prezidenti, Berlin şəhərinin meri Mixael Müller ilə görüşüb.
Məlumata görə, sədr V.Şoyble və M.Mülleri Azərbaycana səfərə dəvət edib.
“M.Müllerlə keçirilmiş görüşdə Bakı və Berlin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə edilib, paytaxt şəhərləri arasında turizm, təhsil, vətəndaş cəmiyyəti əlaqələrinin möhkəmləndirilməsinə hər iki tərəfin marağı ifadə olunub. M.Müller Berlin şəhərinin meri kimi bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazır olduğunu bildirib”, - deyə məlumatda bildirilir.
O.Əsədov həmsöhbətləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri, regionda həyata keçirdiyi enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıb.
Milli Məclisin sədri, həmçinin Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Yohannes Kars ilə də görüşüb.*
X.Nəsirzadə