“Visa” beynəlxalq ödəniş sistemi Azərbaycan bankları ilə tokenləşmə sistemini müzakirə edir. Bu barədə şirkətin Azərbaycandakı regional meneceri Kristina Doroş məlumat verib.
"Biz Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə birlikdə kart olmadan nağdsız ödənişlər həyata keçirməyə imkan verən tokenləşmə sistemini hazırlamışıq. Hazırda biz bütün ölkədə tokenləşmə sistemini inkişaf etdirmək üçün digər banklarla da danışıqlar aparırıq”, - deyə K.Doroş bu gün sözügedən sistemin təqdimatında bildirib.
Öz növbəsində, “Visa”nın Ukrayna, MDB və Cənub-Şərqi Avropa ölkələrində Rəqəmsal Həllər Departamentinin direktoru Aleksandr Stelmax qeyd edib ki, bu yenilikdən faydalanmaq üçün ABB-nin plastik kart sahibləri xüsusi tətbiq yükləməlidirlər.
"IBA Pay tətbiqini yüklədikdən sonra ABB-nin müştəriləri kart nömrəsini və təhlükəsizlik kodunu proqrama daxil etməlidirlər. Bundan sonra onlar plastik kart əvəzinə mobil telefonlarından rahat şəkildə istifadə edə bilərlər. İstifadəçiyə internet yalnız proqramı yüklədiyi zaman lazım olacaq. Yəni ödəniş üçün yeganə texniki maneə telefonda enerjinin olmaması ola bilər”, – deyə A.Stelmax qeyd edib.*
Ə.Məmmədov