“VTB Bank (Azerbaijan)” ipoteka kreditləşməsi proqramını istifadəyə verib. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verir.
“Bankın ipoteka krediti üzrə minimal faiz dərəcəsi 12% təşkil edir və alınan əmlak üçün edilən ilkin ödəniş, eləcədə kreditin müddətindən asılı olaraq dəyişə bilər. Minimal ilkin ödəniş əmlak dəyərinin 20%-i qədərdir. Kreditin məbləği 10 min manat - 275 min manat təşkil edir və 6 aydan 25 il müddətinədək verilir”, - bankdan qeyd ediblər.
Bankda qeyd ediblər ki, kredit hesablandıqda müştərinin gəlirilə yanaşı onun ailə üzvlərinin də gəliri nəzərə alına bilər.
“Ilkin ödənişin məbləği 40% və daha çox olduğu halda müştərinin ödəniş qabiliyyəti təhlil olunmur. İpoteka proqramı təkrar və ilkin bazarlardakı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan mənzillərə şamil olunur”, - bankdan məlumat verilib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.**
Ə.Məmmədov