Qara Dəniz Ticarət və İnkişaf Bankı manat istiqrazlarının yerləşdirilməsindən əldə etdiyi vəsaitin bütün həcmini Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan”a QDTİB-nin prezidenti Dmitri Pankin məlumat verib.
“Razılıqlarımıza əsasən, 10 mln. manat ($6 mln.-a yaxın) həcmində ilk manat istiqrazlarımızın tam buraxılışı Azərbaycanın “TuranBank”ı vasitəsilə kiçik və orta biznesin inkişafına yönəldilib. Hökumətin iqtisadi siyasətinin prioritetlərindən biri kiçik sahibkarlığın dəstəklənməsidir”, - Pankin qeyd edib.
Onun sözlərinə görə, “TuranBank” ilə saziş bu vəsaitin Azərbaycanın qeyri-neft sektoru – sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, xidmət sahələrində müəssisələrin kreditləşməsini nəzərdə tutur. “Bu, QDTİB-nin ölkədə strateji vəzifələrinə uyğundur”, - Pankin əlavə edib.
O, həmçinin qeyd edib ki, milli valyutada istiqrazların buraxılışı Azərbaycan hökumətinin maliyyə sektorunun dedollarizasiya kursunu dəstəkləməyə imkan verəcək. .
“Bu sadəcə QDTİB-nin Azərbaycanda ilk yerləşdirilməsi deyil, həm də beynəlxalq inkişaf bankının ölkədə ilk emissiyası idi. Bu mühüm addımdır və ölkə iqtisadiyyatında müsbəıt dinamikanı əks etdirir, onun maliyyə bazarında möhkəmlənməsində şərait yaradır, o cümlədən, hökumətin maliyyə sektorunun dedollarizasiya kursunu dəstəkləyir”, - Pankin bildirib. **
Ə.Məmmədov