Beynəlxalq Enerji Agentliyi “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanmasına dəstək verəcək. Bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib.
Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov BEA-nın icraçı direktoru Fatih Birol ilə görüşüb.
Görüşdə qlobal neft bazarında hazırki vəziyyət, neftin qiymətinə, eləcə də tələb və təklifə təsir edən amillər, neft ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şahbazov “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Enerji Agentliyi ilə intensiv əməkdaşlığın vacibliyini qeyd edib.
Azərbaycanın energetika naziri BƏƏ-də Çinin Milli Enerji Administrasiyasının vitse-prezidenti Lin Shanqing ilə görüşüb. Nazir Çin şirkətlərini bərpa olunan enerji sahəsində fəal iştiraka dəvət edib.
Nazirlikdən verilən məlumata görə, Şahbazov Monqolustanın energetika naziri Çerenpil Davasurenlə görüşüb. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
O cümlədən, Şahbazov “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmaya hazır olduğu bildirilib. **
B.Rüstəmbəyov