Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2020-ci ilin əvvəlində manat istiqrazlarının ikinci emissiyasını həyata keçirməyi planlaşdırır. Bu barədə QDTİB-nin prezidenti Dmitri Pankin məlumat verib.
“QDTİB yerli qiymətli kağızlar bazarının dayanıqlı inkişafını bundan sonra da dəstəkləmək və Azərbaycan bazarının, xüsusilə kiçik biznesin yerli valyutada maliyyələşdirilmə tələbatına operativ yanaşma nümayiş etdirmək niyyətindədir. Hazırda bir neçə belə layihəni qiymətləndiririk. Gələn ilin əvvəlində istiqrazların ikinci tranşının buraxılması imkanlarını nəzərdən keçiririk", - deyə D.Pankin "İnterfaks-Azərbaycan" agentliyinin suallarına cavab olaraq bildirib.
Onun sözlərinə görə, bazarın tələbatı QDTİB-nin fəaliyyətində əsas məqamdır.
"Biz öz fəaliyyətimizdə bazarın tələbatını diqqətə alırıq. Ölkənin tənzimləyici orqanları ilə qarşılıqlı fəaliyyət qurmuşuq, azərbaycanlı tərəfdaşlarla bu məhsullar üzrə iş təcrübəsi yaranır. Ümid edirik ki, digər beynəlxalq inkişaf bankları da bizdən nümunə götürəcəklər”, - deyə D.Pankin söyləyib.
Xəbər verildiyi kimi, avqustun 1-də Bakı Fond Birjasında (BFB) Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 mln. manat ($5,88 mln.) məbləğində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Tədavül müddəti 730 gün olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9,25% təşkil edir və faizlər üç təqvim ayından bir ödəniləcək.
“Hərracın gedişində investorlar tərəfindən ümumilikdə 81 mln. manat məbləğində 63 sifariş verilib. Beləliklə, istiqrazlara tələb təklifi 8 dəfə üstələyib.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter "PASHA Capital İnvestisiya Şirkəti” QSC-dir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı il ərzində Azərbaycanda ümumilikdə 50 mln. manat (cari məzənnə ilə $29,4 mln.) məbləğində istiqraz buraxmağı planlaşdırır.
Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da manat istiqrazları buraxmağı planlaşdırır.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir. 2018-ci ilin sonuna bankın Azərbaycandakı layihələr üzrə cari portfeli 53,867 mln. avro həcmində qiymətləndirilir.*
Ə.Məmmədov