Azərbaycan hökuməti oktyabrda “Şəfəq-Asiman" perspektiv blokunda kəşfiyyat quyusunun qazılması layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədini təsdiq edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
“Azərbaycan hökuməti tərəfindən ƏMSSTQ oktyabr ayında təsdiqlənəcək. Sənəd təsdiq edildikdən sonra 2019-cu ilin sonunadək “SAX01” kəşfiyyat quyusunda qazma işlərinə başlanılacaq”, - deyə o bildirib.
“SAX01» quyusunun qazıldığı ərazidə dənizin dərinliyi 624 metrdir. Qazma işlərinə 2019-cu ilin IV rübündə “Heydər Əliyev” yarımdalma üzən qazma qurğusundan istifadə olunmaqla başlanılması nəzərdə tutulur. Qazma əməliyyatları, eləcə də quyunun sınağı 604 gün davam edəcək. Qazma işləri iki mərhələdə aparılacaq: 1-ci mərhələ quyunun qazılması və konservasiyasından, 2-ci mərhələ quyunun sınaqdan keçirilməsi və ləğv edilməsindən ibarətdir.
Mərhələlər arasında fasilə quyuda sınaqların aparılması üçün qazma qurğusunun olub-olmamasından asılı olaraq 1 ildən 3 ilədək davam edə bilər.
Şirkətin məlumatına görə, "SAX01” quyusunda qazma işlərinin I mərhələsinin 2020-ci ilin III rübündə başa çatması nəzərdə tutulur. Bu quyuda qazma işlərinin aparılmasında əsas məqsəd “Şəfəq-Asiman” müqavilə sahəsinin gələcək işlənməsi üçün “Qırmaki üstgilli”, “Fasilə” və “Balaxanı” məhsuldar laylarında qaz ehtiyatlarının qiymətləndirilməsindən ibarətdir.
“Şəfəq-Asiman” strukturunda birinci kəşfiyyat quyusunun dərinliyi 6500-7000 metr təşkil edəcək.
SOCAR-ın qiymətləndirmələrinə görə, “Şəfəq-Asiman” strukturunun ehtiyatları 500 mlrd. kubmetr qaz və 65 mln. ton kondensat təşkil edir.
SOCAR və “BP Exploration” şirkətləri arasında blokun təqdiqatına dair müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma mümkünlüyü ilə 30 il müddətinə nəzərdə tutulub.
“Şəfəq-Asiman” blokunun ümumi sahəsi 1,1 min kv. kilometr təşkil edir.
Müqavilənin şərtlərinə görə, əgər tədqiqat proqramı neft ehtiyatlarını təsdiqləsə, onda hər 100 mln. barel neft üçün bonus $1 mln. təşkil edəcək. Blokun kommersiya işlənməsinin başlamasından sonra 3 gün ərzində $50 mln. məbləğində bonus ödənməlidir.
Bundan başqa, “BP Exploration” hər il müqavilə sahəsinin hər 1 kv. kilometri üçün Azərbaycana $2 min məbləğində akrhesabı ödənişlər etməlidir.*
N.Abbasova