Bənövşəyi xəttin В-03 stansiyasının tikintisi üzrə işlərin 2020-ci ildə başa çatacağı planlaşdırılır. Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlıumat verib.
“В-03 stansiyasının tikintisi üzrə işlər yekun mərhələdədir. Tikinti işlərinin 2020-ci ildə başa çatacağı gözlənilir”, - deyə o, bu gün jurnalistlərə bildirib.
В-03 stansiyası Ceyhun Səlimov küçəsində Hərbi Hospitalın yaxınlığında inşa olunur.
Stansiyanın uzunluğu 166,98 metr təşkil edəcək ki, bu da 7 vaqonlu qatarları qəbul etməyə imkan verəcək. Stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Bu məqsədlə В-03 stansiyasının inşaat işlərinə paralel olaraq, 193,1 metr uzunluqda keçid də tikilir.
Stansiya 3 səviyyəli olacaq. Stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə yerdəyişməsi 17 eskalatorla həyata keçiriləcək. Həm də burada fiziki imkanları məhdud sərnişinlər üçün liftlər quraşdırılacaq.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.*
X.Nəsirzadə