Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 8,25%-dən 8%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə bankın məlumatında deyilir.
“Son aylarda neftin qiymətinin sabitləşməsi, inflyasiya səviyyəsinin aşağı olması və sabit makroiqtisadi vəziyyət uçot dərəcəsinin 8,25%-dən 8%-ə endirilməsini şərtləndirib”, - deyə məlumatda bildirilir.
Faiz dəhlizinin aşağı həddi 6,25% səviyyəsində saxlanılıb, yuxarı həddi isə 10,25%-dən 9,75%-ə endirilib.
Qərar sentyabrın 13-dən qüvvəyə minib.
“Faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə, 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2%) daxilində qalacaq”, - deyə məlumatda bildirilir.
Risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən orta müddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. “Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir. Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcək”, - deyə AMB qeyd edir.
Cari ildə AMB tərəfindən uçot dərəcəsi 6-cı dəfədir aşağı salınır. Fevralın 1-də uçot dərəcəsi 9,75%-dən 9,25%-ə, martın 15-də 9,25%-dən 9%-ə, aprelin 26-da 9%-dən 8,75%-ə, iyunun 7-də 8,75%-dən 8,5%-ə, iyulun 26-da 8,5%-dən 8,25%-ə endirilib.
Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı məsələnin müzakirə olunacağı növbəti iclası 2019-cu il oktyabrın 25-də keçiriləcək.
2018-ci ildə uçot dərəcəsi ardıcıl olaraq (4 mərhələdə - İF) 15%-dən 9,75%-dək azaldılıb.*
Ə.Məmmədov