Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağsu Rayon İcra Hakimiyyətinə 2 mln. manat ayrılıb. Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.
Sərəncamın mətni cümə günü dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Ətraf rayonlarda zəlzələ 5,3 bal gücündə hiss olunub.
2019-cu ilin fevral ayında İ.Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə 2 mln. manat ayırıb.
Bundan əlavə, mart ayında İ.Əliyev baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 5 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bundan başqa, sərəncama əsasən yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 mln. manat ayrılacaq.
Sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı 2 mln. manatın ayrılması haqqında sərəncam imzalayıb.**
B.Rüstəmbəyov