Prezident İlham Əliyev Böyük Britaniya ilə qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı bu fikri bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edərkən səsləndirib.
İ.Əliyevin sözlərinə görə, Böyük Britaniyanın kiçik və orta biznes dairələrinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanlar var.
Prezident, həmçinin enerji sahəsində 25 illik dövr ərzində BP şirkəti ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib və bu əməkdaşlığın uzunmüddətli perspektivdə inkişaf etməkdə davam edəcəyinə əminliyini ifadə edib.
Səfir C.L.Şarp ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinin və qeyri-neft sektoru, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, elm-təhsil və digər sahələrdə inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.
Görüşdə regional gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.*
Ə.Məmmədov