Hazırda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Bunu Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi Ərəstü Həbibbəyli deyib.
“Hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları artıq müəyyənləşdirilib”, - deyə o, AZƏRTAC-a müsahibəsində bildirib.
Ə.Həbibbəylinin sözlərinə görə, saziş imzalandıqdan sonra bu məhsullar üzrə illik tarif kvotaları çərçivəsində idxal gömrük rüsumları tutulmayacaq. Hər iki ölkənin hədəfi ticarət dövriyyəsini daha da artırmaqdır.
O qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsi də ildən-ilə artmaqdadır.
“2018-ci ildə ticarət dövriyyəmiz 3,4 milyard ABŞ dolları, 2019-cu ilin ilk 7 ayı ərzində 2,3 milyard ABŞ dolları həcmində olub. Bu göstəriciyə görə Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır”, - deyə katibliyin rəisi vurğulayıb.*
Ə.Məmmədov