Azərbaycan və Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında 2019-2021-ci illəri əhatə edəcək Fəaliyyət Planını razılaşdıracaq. Bunu Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi Ərəstü Həbibbəylideyib.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında iki ölkə arasında mövcud iqtisadi vəziyyət, əməkdaşlığın hazırkı durumu, ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində məsələlər müzakirə ediləcək. Həmçinin 2019-2021-ci illəri əhatə edəcək Fəaliyyət Planının razılaşdırılması nəzərdə tutulur. Bu Fəaliyyət Planı ticarət-iqtisadi, nəqliyyat, rabitə, yüksək texnologiyalar, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə ildən-ilə dərinləşən münasibətlərimizdə qarşıda duran vəzifə və hədəflərə nail olunması istiqamətində atılacaq addımları əhatə edəcək”, - deyə o, AZƏRTAC-a müsahibəsində bildirib.
Ə.Həbibbəylinin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasından Türkiyəyə məhsul ixracı üzrə əməkdaşlıq imkanları, o cümlədən bu məhsulların Türkiyənin ərazisinə idxal rüsumu ödənilmədən, güzəştli şərtlərlə daxil olmasına, ixrac əməliyyatlarında tətbiq edilən prosedurların asanlaşdırılması ilə bağlı məsələlər də Birgə Komissiyada müzakirə ediləcək. Strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından tam istifadə edilməsi və digər xarici dövlətlərin bu layihəyə cəlb edilməsi məqsədilə birgə işlərin aparılması da hər iki tərəfin gündəliyindədir.
“Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük investordur. Türk şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təxminən 3 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir.İndiyədək Azərbaycanın Türkiyədəki ümumi investisiyalarının həcmi 15 milyard ABŞ dollarını ötüb. Hazırda Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir”, - deyə katibliyin rəisi qeyd edib.
Xəbər verildiyi kimi, sentyabrın 16-da Bakıda Azərbaycan və Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VIII iclası keçiriləcək. İclasa Azərbaycanın baş naziri Novruz Məmmədov və Türkiyənin vitse-prezidenti Fuat Oktay sədrlik edəcəklər.
Komissiyanın VII iclası 2014-cü il iyulun 11-də Ankarada keçirilib.*
Ə.Məmmədov