Bakı və Aşqabad Azərbaycan-Türkmənistan İşgüzar Şurası yarada bilər.
Bu və digər məsələlər sentyabrın 13-də Aşqabadda Azərbaycan-Türkmənistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının V iclasında müzakirə olunub.
“Tərəflər, həmçinin ticarət dövriyyəsinin artırılması və müxtəlif profilli müştərək müəssisələrin yaradılması, Bakıda Türkmənistan Ticarət Evinin və Aşqabadda Azərbaycan Ticarət Evinin açılması imkanlarını, Türkmənistan-Azərbaycan İşgüzar Şurasının yaradılması məsələsini müzakirə ediblər”, – deyə Türkmənistan XİN-in məlumatında bildirilir.
Bundan başqa, komissiyanın əvvəlki iclasında əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkənin müvafiq nazirlik və idarələri arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, habelə işgüzar dairələrin tərəfdaşlığın inkişafı ilə bağlı təkliflər nəzərdən keçirilib.
“Tərəflər iki ölkə arasında avtomobil-bərə və dəmir yolu-bərə xidmətinin yaradılmasında, hava limanları vasitəsilə nəqliyyat əməliyyatlarının aparılması işinin intensivləşdirilməsində də maraqlı olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunur.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri baş nazirin birinci müavini Yaqub Eyyubov, Türkmənistan tərəfdən həmsədri Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradovdur.
Hökumətlərarası Komissiyanın növbəti iclası 2020-ci ildə Bakıda keçiriləcək.*
B.Rüstəmbəyov