2019-cu il sentyabrın 1-dən Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılması iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə təsir edəcək. Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay belə hesab edir.
Prezident İlham Əliyev bu gün Bakıda F.Oktayı qəbul edib.
İ.Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyini deyib, ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatdığını qeyd edib.
Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən F.Oktay bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirib.
O, Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırıb.*
A.Əzizov