Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücumu pisləyib.
"Səudiyyə Ərəbistanında neft zavodlarına, mülki, önəmli infrastrukturu hədəf alan və bölgədəki təhlükəsizliyi təhdid edən pilotsuz təyyarələrin hücumundan çox narahatıq. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini pisləyir" - XİN-in "Twitter" səhifəsində bildirilib.
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına dronlarla hücum edilib. Hücumdan sonra Səudiyyə Ərəbistanında neft hasilatının həcmi iki dəfə - sutkalıq 5,7 mln. barel azalıb.
Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Lakin ABŞ buna şübhə edərək baş verənlərdə İran hökumətini ittiham edib. Təhran bu ittihamları rədd edir.
A.Əzizov