Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ - “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi üzrə operator) “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində obyektlərin layihələndrilməsi və tikintisnə dair $1 mlrd.-dan artıq məbləğdə 5 podrat müqaviləsi imzalayıb.
“ABƏŞ “Azəri-Mərkəzi-Şərqi” yeni platforması üçün dayaq bloku, üst modulları, qazma qurğusu və yaşayış bloklarının layihələndrilməsi və tikintisnə dair $1 mlrd. 7 mln. ümumi məbləğdə beş müqavilə imzalayıb”, - ABƏŞ-in məlumatında qeyd olunur.
Xüsusilə, ACE platformasının dayaq bloku və ətək payalarının quraşdırılması üzrə müqavilə “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Müqavilənin dəyəri 260 mln. dollar təşkil edir. Bu müqavilə üzrə bütün tikinti və quraşdırma işləri yerli resurslardan, o cümlədən işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək. “Tikinti işləri artıq başlayıb və 2021-ci ildə başa çatdırılacağı gözlənilir”, - məlumatda deyilir.
Bundan başqa, ABƏŞ ACE platformasının üst modullarının hazırlanması və inteqrasiyası məqsədilə podratçı qismində “Azfen” şirkətini cəlb edib. Şirkət ilə 486 mln. dollardan artıq məbləğdə müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində işlər həcminə istehsal və quraşdırma mühəndisliyi, həmçinin platformanın üst modullarının hazırlanması, yığılması və birləşdirilməsi daxildir. Müqavilə üzrə nəzərdə tutulan işlərə (“National Oilwell Varco” şirkəti tərəfindən layihələndiriləcək), həmçinin yüngül bir qazma blokunun hazırlanması, istismara təhvil vermə işlərinə dəstək xidmətləri, yükləyib göndərmə, sazlama və dənizdə istismara təhvil vermə işlərinə dəstək də aiddir. “Üst modullar Bibiheybətdəki istehsal sahəsində inşa olunacaq. Bu müqavilə üzrə tikinti işləri artıq başlayıb və 2022-ci ildə başa çatdırılacağı gözlənilir”, - məlumatda qeyd olunur.
O cümlədən, ABƏŞ ABŞ-ın “National Oilwell Varco” şirkəti ilə üst modulların qazma qurğusu ilə əlaqədar layihələndirilmə, tədarük və tikintiyə nəzarət üzrə müqavilə imzalayıb. Müqavilənin dəyəri 151 mln. dollardır.
Platformanın yaşayış blokları ilə əlaqədar layihələndirmə, satınalma və tikinti işlərini İsveçin “Emtunga Solutions AB” şirkəti həyata keçirəcək. Şirkət ilə $34 mln. məbləğində müqavilə imzalanıb. “Bu müqavilə üzrə işlər artıq başlayıb və 2022-ci ildə başa çatacağı gözlənilir. Yaşayış bloklarının yığılması Bibiheybətdəki istehsal sahəsində həyata keçiriləcək”, - məlumatda bildirilir.
Bundan əlavə, ABƏŞ “SOCAR-KBR” MMC birgə müəssisə ilə 76 mln. dollardan artıq məbləğdə müqavilə imzalayıb. Bu müqavilə üzrə işlər həcminə üst modullar, dayaq bloku və ətək payalarının layihələndirilməsi; ACE layihəsi üçün mövcud obyektlərin yenilənməsi işləri; sualtı qurğular üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri; layihənin idarə edilməsi - materialların idarə edilməsi, işçi münasibətlərinin idarə edilməsi, məlumatların idarə edilməsi; tədarük üzrə dəstək; keyfiyyətin idarə edilməsi və tikinti sahəsində dəstək daxildir. “Bu müqavilə üzrə işlər başlayıb”, - məlumatda deyilir.
Həmçinin, ABƏŞ yüklərin idarə edilməsi xidmətləri ilə əlaqədar “Transglobal Projects” (TGP) MMC ilə müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində işlər həcminə materialların və avadanlıqların təchizatçıların obyektlərindən toplanması və Bakıdakı sahələrə çatdırılması, o cümlədən gömrük rəsmiləşdirməsi daxildir. **
N.Abbasova