Rusiya Federasiyasının Həştərxan vilayəti müxtəlif layihələrin reallaşdırılması hesabına Azərbaycanla əlaqələri yeni səviyyəyə çıxarmağa ümid edir. Bunu vilayətin qubernatoru vəzifəsini müvəqqəti icra edən İqor Babuşkin deyib.
LOTOSGTRK.RU xəbər verir ki, İ.Babuşkin Həştərxanda Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.
Həştərxan vilayətində logistika mərkəzinin yaradılması istiqamətində iş aparılır. Bu nəqliyyat qovşağı vasitəsilə İran, Türkiyə, Türkmənistan, Özbəkistan və Azərbaycandan Rusiyaya və MDB ölkələrinə kənd təsərrüfatı məhsullarının daşınması həyata keçiriləcək. Gələcəkdə Çin, Hindistan və Pakistan istiqamətlərinin inkişaf etdirilməsi planlaşdırılır. Mərkəzin yaradılması layihəsi ilə Azərbaycan şirkəti məşğul olur. Sərmayələrin həcmi 2 milyard rubl təşkil edəcək. Hazırda təxminən 28 hektar ərazidə hazırlıq işləri görülür. Bura gömrük nəzarəti zonasının və malların müvəqqəti saxlanc anbarının yaradılması daxildir.
"Biz Xəzər İqtisadi Forumu çərçivəsində Xəzər dənizi ərazisində turizmin inkişafında maraqlı olduğumuzu bildirmişik və bu məqsədlə baş nazirimiz “Pyotr Velikiy” kruiz laynerinin 2021-ci ildə hazır olacağını qeyd edib”, - deyə o vurğulayıb.
“KDY Logistics” şirkəti 2017-ci ildə yaradılıb. Baş ofisi Bakı şəhərində yerləşən şirkətin Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və İranda nümayəndəlikləri var. “KDY Logistics” şirkəti yüklərin dəmir yolu ilə daşınması xidmətləri göstərir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” nəqliyyat dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti şirkət üçün prioritet istiqamətlərdir.*
A.Əzizov