Azərbaycan Mərkəzi Bankı (AMB) bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta şirkətlərini müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta xidmətləri göstərəcək şirkətlərin seçimi üzrə tenderə yekun vurub”, - bankın nümayəndəsi bildirib.
Tenderin yekunlarına görə, bankın əsas vəsaitlərinin (əmlakının) sığirtaçısı qismində "Ata Sığorta", nağd pulların sığortaçısı qismində - “PAŞA Sığorta”, nəqliyyat vasitələrinin (KASKO) sığortaçısı qismində - “AXA Mbask" Siğorta Şirkəti müəyyən edilib.
Tender şərtlərinə əsasən, AMB-yə əmlak və nağd pullarının sığortalanması üzrə xidmətlər 2019-cu il noyabrın 1-dən etibarən təqdim edilməli və 12 ay üçün nəzərdə tutulmalıdır. Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlər (AVSMMİS) 2020-ci il yanvarın 25-dən etibarən 12 ay ərzində göstərilməlidir.
Hazırda AMB-yə əsas vəsaitlərin, nağd pulların və avtomobillərin sığortalanması üzrə “PAŞA Sığorta” şirkəti, avtonəqliyyat vasitələrinin sığortalanması üzrə "AXA Mbask" sığorta şirkəti xidmət göstərir. **
Ə.Məmmədov