2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 26,695 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 90,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 24,088 min ədəd avtomobil (artım 92,3%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-avqust aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 2,262 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 69,8%) və 99 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 28,6%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 246 ədəd (artım 2,5 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2017-ci illə müqayisədə 2,2 dəfə artaraq 28,876 min ədəd təşkil edib. Sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxal həcmi isə 2,3 dəfə - 26,147 min ədədə qədər artıb.*
B.Rüstəmbəyov