2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 2 mln. 138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,5 faizi Türkiyə, 7,7 faizi İran, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olub”, – deyə məlumatda bildirilir.
Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edib.
2019-cu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 25,3 faiz artaraq 96,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq 788,8 min nəfər olub.
Ölkəmizə yanvar-avqust aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (80,4 faiz), Misir (76,7 faiz), Çin (68,5 faiz), Hindistan (68,0 faiz), Filippin (44,3 faiz), Macarıstan (40,7 faiz), Səudiyyə Ərəbistanı (38,6 faiz), Polşa (32,0 faiz), İspaniya (29,4 faiz), Böyük Britaniya (27,9 faiz), Cənubi Koreya (25,8 faiz), Yaponiya (24,7 faiz), Gürcüstan (22,8 faiz) və Almaniya (22,5 faiz) vətəndaşları arasında qeydə alınıb.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9 faizi dəmir yolu və avtomobil, 41,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz artaraq 3 mln. 729,2 min nəfər olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1 faiz, Gürcüstana gedənlərin sayı 13,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,4 faiz, Türkiyəyə gedənlərin sayı isə 5,1 faiz artıb.
“Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,2 faizi dəmir yolu və avtomobil, 17,1 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov