Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov və İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Rza Nəzər Ahari çərşənbə axşamı Bakıda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması məsələsini müzakirə ediblər.
Azərbaycan XİN-in məlumatına görə, Xələfov və Ahari Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçiriblər.
“Həmsöhbətlər Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması ilə əlaqədar məsələni müzakirə edərək Konvensiyanın səmərəli tətbiqi baxımından onun Katibliyinin fəaliyyətə başlamasının zəruriliyini vurğulayıblar”, - məlumatda qeyd olunur.
XİN qeyd edir ki, həmsöhbətlər həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının tarixi, eləcə də onun gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Bundan başqa, tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər mövzular müzakirə olunub. **
Ə.Məmmədov