Xarici işlər naziri Elmar Məmmədyarov Vatikana rəsmi səfər çərçivəsində Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard Qalaqer ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilir.
Məlumata əsasən, tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə etdilər.
“Qalaqer Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələrə istinad edərək Vatikanda həyata keçirilən bir sıra tarixi abidələrin bərpası işlərini yüksək qiymətləndirdi. Öz növbəsində, Məmmədyarov Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini bildirdi”, - məlumatda deyilir.
Azərbaycan XİN başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Bakının rəsmi mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında Qalaqer məlumat verdi. **
Ə.Məmmədov