“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsinə başlanıldığı 1997-ci ilin noyabr ayından 1 iyul 2019-cu il tarixinədək 488 mln. ton neft hasil edilib. Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
“Qeyd olunan dövrdə blokdan 488 mln. ton neft hasil edilib, investisiya qoyuluşlarının ümumi məbləği $36 mlrd. təşkil edib. Bu günədək AÇG blokundan hasil edilən 44 mlrd. kubmetrdən çox səmt qazı Azərbaycana pulsuz verilib”, - deyə məlumatda bildirilir.
2019-cu ilin II rübünün sonuna Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə dünya bazarlarına 3,3 mlrd. barrel neft ixrac edilib, Ceyhan terminalından 4300 tanker yola salınıb.
““BP-Azerbaijan” və onun AÇG layihəsi üzrə tərəfdaşları tərəfindən Azərbaycanda sosial layihələrin reallaşdırılmasına $84 mln. məbləğində investisiya qoyuluşu həyata keçirilib”, - deyə məlumatda qeyd olunur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir.*
N.Abbasova